Naxçıvan şəhərində gimnastika üzrə açıq məşğələlər təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar müxtəlif idman növləri üzrə açıq hava məşğələləri davam etdirilir. Məqsəd uşaqların və gənclərin tarixi-mədəni irsimizə marağının artırılması, memarlıq abidələrinin tanıdılması, idman və sağlam həyat tərzinin təbliğidir. Layihə çərçivəsində növbəti açıq hava idman məşğələsi Sahil Parkında gimnastika idman növü üzrə keçirilib. Məşğələyə qatılan uşaqlara bədii gimnastika və “Gimnastika hamı üçün” üzrə muxtar respublika yığma komandasının baş məşqçisi, İdman ustası Humay Qafarova tərəfindən hazırlıq hərəkətləri icra olunub. Məşğələni valideynlər və şəhər sakinləri də izləyib, bu növün incəliklərindən xəbərdar olmağa çalışıblar.

Qeyd edək ki, məşğələlərə hər kəs qoşula bilər. İnsanlar üçün əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsinin təcəssümü olan “Gimnastika hamı üçün” ilə yaşından və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər. Layihə çərçivəsində növbəti açıq hava məşğələlərinin digər idman növləri üzrə də davam etdirilməsi və muxtar respublikanın müxtəlif tarixi-mədəni məkanlarını əhatə etməsi nəzərdə tutulur.